az  |   tr
Fəlsəfə dünyası

Aida İmanquliyeva

Aida İmanquliyeva

Azərbaycanda məşhur şərqşünaslar çox olmuşdur. Dünya şöhrətli şərqşünaslar… Ərəb, fars və türk dillərinin böyük biliciləri, bu dillərdə yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları, Azərbaycanın və bütövlükdə islam regionunun böyük tarixçiləri, islamşünaslar, mətnşünaslar və s. İlk baxışda, yaxın keçmişdə Azərbaycan şərqşünaslıq elminə başçılıq etmiş Aida İmanquliyeva da sadəcə belə məşhur şərqşünaslardan biridir. Tədqiqatçılar çox vaxt onun məşğul olduğu problemi də bu sırada qeyd edirlər: ərəb filologiyası və ya daha konkret, ərəb məhcər ədəbiyyatı.

Əlbəttə, dünya şöhrətli alimlərlə bir sırada durmaq özü də böyük şərəfdir. Lakin Aida xanımın başqalarından fərqli olan elə bir elmi xidməti vardır ki, bu onu hamıdan fərqləndirir. Təəssüf ki, bu xidmət, bu yenilik öz həqiqi elmi qiymətini hələ də almamışdır. Bu yeniliyin məğzini düzgün anlamaq üçün isə ilk növbədə ümumiyyətlə şərqşünaslığın mahiyyətini, məqsədlərini və problematikasını düzgün dəyərləndirmək tələb olunur.

Bunun üçün isə əvvəlcə Şərq anlamının özünün nə kimi məna yükü daşıdığı müəyyənləşdirilməlidir. Şərqdə fərdin mənəvi aləminə daha çox önəm verildiyindən, bütövlükdə cəmiyyətin mənəvi həyatı, cəmiyyəti bir sistem kimi səciyyələndirən amillər bir qayda olaraq diqqətdən kənarda qalır. Həyatın özü, ictimai proseslərin çox vaxt pərakəndə səciyyə daşıyan gedişatı ön planda olsa da, bu proseslərin elmi-nəzəri təhlilinə, sistemli mənzərəsinin yaradılmasına və sosial proqnozlara önəm verilməmişdir. Hətta çox böyük miqyaslı ictimai hadisələr: müharibələr, işğallar, imperiyaların əmələ gəlməsi spontan xarakter daşımış, əvvəlcədən mükəmməl bir ideyaya söykənmədiyi kimi, sonradan da öz elmi-nəzəri təhlilini tapmamışdır. Şərqdə fərdi-mənəvi həyat böyük fəlsəfi məna daşısa da, ictimai həyat fəlsəfi bazisə əsaslanmamış, tarix fəlsəfə üzərində qurulmamışdır. Digər tərəfdən Şərqdə tarix yaradılmış, lakin yazılmamış və ideya-fəlsəfi müstəvidə mənimsənilməmişdir.

Maraqlıdır ki, şərqşünaslıq problemləri az-çox sistemli şəkildə ənənəvi olaraq məhz Qərb ölkələrində tədqiq edilmişdir. Başqa sözlə, şərqşünaslıq əslində Qərb hadisəsidir.

Azərbaycan şərqşünaslığı da əslində rus-sovet şərqşünaslığının tərkib hissələrindən biri idi. Şərqin öyrənilməsi rus imperiyasının coğrafi-siyasi maraqlarına və təcavüzkar planlarına daxil olduğundan bu sahə həmişə diqqət mərkəzində olmuşdur.

Biz Şərqə Rusiyanın gözü ilə baxmaq məcburiyyətində idik. Lakin Qərb şərqşünaslığı da var idi ki, sovet dövründə o bizim üçün müəyyən mənada yasaq idi. Biz Sovetlər İttifaqının hüdudlarını keçərək hansı isə problemə Avropanın gözü ilə baxmaq, onu planetar miqyasda nəzərdən keçirmək imkanından məhrum idik. Ən böyük qadağa isə, heç şübhəsiz, problemlərə məhz Azərbaycanın gözü ilə baxmağa, milli maraqlardan çıxış etməyə qoyulmuşdu.

Təsadüfi deyildir ki, Azərbaycan şərqşünaslığı daha çox dərəcədə mətnşünaslıqla, ərəb və fars dilçiliyi, regionun tarixi və bədii irsinin ədəbi-tənqidi təhlili ilə məhdudlaşırdı. Bu mövzulardan heç biri bütövlükdə Şərqin mahiyyəti, ideoloji və tarixi missiyası ilə bağlı deyildi. Buradakı tədqiqatlar beyni Kremlin siyasi maraq dairəsində, qəlbi Peterburq şərqşünaslıq məktəbində yerləşən bütöv bir orqanizmin qol-budaqlarından ibarət idi.

Elmşünaslıqdan məlumdur ki, qadağaları pozmaq, ideoloji məhdudiyyətləri və təfəkkür baryerlərini keçmək, düşüncə tərzinə yeridilmiş, tədqiqat üsullarına hopdurulmuş normativləri alt-üst edərək yeni tədqiqat istiqamətinin əsasını qoymaq çox çətindir. Bu, əslində elmdə inqilab deməkdir.

Biz Aida İmanquliyevanın tədqiqatlarını ona görə yeni bir istiqamətin əsası kimi qəbul edirik ki, o, Azərbaycan hüdudundan, bütövlükdə Şərq miqyasından kənara çıxaraq, yeni dövrdə bütöv bəşəriyyət miqyasında gedən proseslərin məğzini açıb göstərmiş, Şərq-Qərb münasibətlərinin xarakterini və perspektivlərini təhlil etmişdir.

Bunun üçün də Avropa da və Amerikada yaşayan, lakin ruhən Şərqli olan və Şərqi bilən ərəb mühacirlərinin yaradıcılığından çıxış etmişdir. Zahirən bu, ərəb filologiyasıdır, yəni ənənəvi şərqşünaslığın bir qoludur, əslində isə A.İmanquliyevanın tədqiqatı yeni mahiyyətli və yeni ünvanlı bir prosesin-Şərqdə təzə başlanmış milli və ümumbəşəri özünüdərk prosesinin öyrənilməsinə yönəlmişdi. Bu isə tarix və filologiyadan daha çox, fəlsəfi qayəyə malik olan bir missiyadır. A.İmanquliyevanın elmi yeniliyinin həqiqi böyük dəyərinin indiyədək kölgədə qalmasına səbəb də onu ancaq ənənəvi şərqşünaslıq və filologiya çərçivəsində dəyərləndirmək cəhdlərindən irəli gəlir. Əslində isə Aida xanımın elmə gətirdiyi yeniliyin miq yası elə böyükdür ki, o ancaq fəlsəfi kontekstdə, ümumbəşəri özünüdərk prosesinin araşdırılması ilə üzə çıxarıla bilər.

İndi, XXI əsrin zirvəsindən baxdıqda dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların qarşılıqlı əlaqəsinə də yeni münasibət tələb edir. XX əsrin 70-80-ci illərində isə bu yeni ten­den­siyanın mahiyyətini və üstün istiqamətlərini çox az adam görə bilirdi. Bu yenilik, ilk növbədə mə­dəniyyət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahüründən ibarət idi. Dün­yada Şərq və Qərb bölgüsünün aktuallığının artması da, məhz bu yeni tendensiyaların nəticəsi idi.

Azərbaycan əsrlər boyu bir Şərq ölkəsi kimi mövcud olduğundan, azərbaycanlı alimlər SSRİ-də aparılan tədqiqatların əsasən şərqşünaslıq aspektlərinə cəlb edilirdilər; qərb şünaslıq və xüsusən Şərq-Qərb münasibətlərinin tədqiqi isə bizim üçün bir növ yasaq mövzu idi. Belə bir dövrdə Azərbaycanda ilk dəfə məhz Aida xanım İmanquliyeva öz elmi mühitinin ətalətini dəf edərək və öz zəmanəsini qabaqlayaraq olduqca aktual, gələcəyə yönəlmiş bir mövzu ətrafında tədqiqatlar aparırdı. Həm də problemin o aspektləri ön plana çəkilirdi ki, onlar təkcə Azərbaycanda yox, bütün dünyada ancaq 90-cı illərin axırlarında, iki əsrin qovuşuğunda aktuallaşmış oldu. Təkcə onu qeyd etmək kifayətdir ki, 2000-ci ildə İran prezidenti Məhəmməd Hatəmi Şərq və Qərb sivilizasiyalarının dialoqu ideyası ilə çıxış edəndə, çoxları bunu bir yenilik kimi dəyərləndirdi. 2001-ci il isə, YUNESKO tərəfindən «Sivilizasiyaların dialoqu» ili adlandırıldı. Belə bir ideyanın siyasi müstəvidə üzə çıxması əslində əvvəlcə elmi-fəlsəfi və ədəbi-bədii yaradıcılıqda aparılan axtarışların nəticəsi idi. Yəni, siyasətdə yenicə aktuallaşan bir problem bədii yaradıcılıq müstəvisində bir sıra yazıçı-mütəfəkkirlər tərəfindən hələ XX əsrin əvvəllərində qaldırılmışdı ki, Aida İmanquliyeva da həmin ədəbi-bədii proseslərin XX əsrin sonunda kəsb etdiyi yeni ictimai-siyasi mənanın vacibliyini nəzərə alaraq, bu problemi Azərbaycan Şərqşünaslıq məktəbinin mühüm istiqamətlərindən birinə çevirdi. O öz tədqiqat obyekti kimi Şərq dünyasının Qərbdə yazıb-yaradan üç böyük mütəfəkkirini: Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüayməni seçmişdi. Bu seçim bir tərəfdən professor A.İmanquliyevanın ilk ixtisasına görə ərəbşünas olması ilə bağlı idisə, digər tərəfdən Aida xanımın özünün dünyaya fəlsəfi-romantik baxışlarını, öz dövrünə münasibətini ifadə etmək üçün daha əlverişli olması ilə bağlı idi. İdeyaları tədqiq olunan hər üç şəxsiyyət əslən ərəb ölkələrindən olub Amerika və Avropaya köçmüş, Şərq ruhunu Qərb düşüncəsi ilə birləşdirmiş insanlardır. Məsələn, C.X.Cübranın sadəcə ərəb ədəbiyyatını deyil, bütövlükdə Şərq dünyasını Qərbdə təmsil etdiyi ondan da görünür ki, o öz idealı kimi, həm Şərqin, həm də Qərbin ən böyük dahisi olaraq hansı isə bir ərəb şairini, yaxud mütəfəkkirini yox, İbn Sinanı seçir; «İbn Sina və onun poeması» adlı əsərində C.X.Cübran özü də peşəkar filosofdur. Məhz buna görə də, Cübran kimi şəxsiyyətin fəlsəfi və ədəbi-bədii irsinin öyrənilməsi ərəbşünaslığın hüdudlarından çox kənara çıxmış və Azərbaycanda yeni elmi tədqiqat istiqamətinin: Şərq-Qərb komparativistikasının yaranmasına səbəb olmuşdur. Mövzu özü Aida xanımı filologiya hüdudlarını keçərək böyük fəlsəfi fikir məkanında tədqiqat aparmağa sövq etmişdi.

«Vəhdət» ideyasının tərənnümçüləri nə ardıcıl idealist, nə də ardıcıl materialist idilər. Onlar həqiqətlər dünyası ilə hadisələr dünyası arasında, ideya ilə reallıq arasında da vəhdət, tarazlıq, tənasüb axtarırdılar. «Həqiqət və güc», «peyğəmbər» və «iblis» mövzusu həm Şərqdə, həm də Qərbdə bu böyük mütəfəkkirlər üçün bir növ ümumi mövzu olmuşdur. Aida İmanquliyevanın Cüb­ra­nın «Şeytan» hekayəsinə işarə ilə yazdığı kimi, «iki mütləq başlanğıcın – xeyir və şərin əbədi bir­gə mövcudluğu və mübarizəsinin labüdlüyü»[1] demək olar ki, bu şəxsiyyətlərin hamısı üçün əsas ya­ra­dıcılıq problemi idi. Cübranda da, Caviddə də «İblis» («Şeytan») əslində dövrün naqis cəhətlərinin ümumiləşmiş obrazı idi. Hər ikisinin yaratdığı «Peyğəmbər» obrazı isə haqqın, ədalətin ifadəsinə xidmət edirdi. Bir fərqlə ki, Cavid konkret tarixi gerçəkliyi saxlamaqla ümumbəşəri problemləri tarix kontekstində şərh etmiş, Cübran isə tarixi və coğrafi konkretlikdən, habelə hətta milli və dini müəyyənlikdən azad, ümumiləşmiş peyğəmbər obrazı yaratmışdır. Cübranda bu obraz əslində şəxsiyyətdən daha çox ideyadır. Burada böyük dini idealların XIX əsr konkretliyində həm Şərqi, həm də Qərbi ehtiva etmək əzmi ifadə olunur, ümumiyyətlə insan idealının mənzərəsini çəkmək təşəbbüsü göstərilir. Burada Cübran əslində peyğəmbərin dili ilə özünün, öz dövrünün mənəvi idealını şərh edir. A.İmanquliyeva bu kontekstdə Cübranın məşhur etirafını iqtibas gətirir: «Mən bu peyğəmbəri yaratmamışdan əvvəl o məni yaradıb, mən onu yazmamışdan əvvəl o məni yazıb…».[2]

Peyğəmbər və İblis mövzusunun, haqqa, düz yola çağıran və düz yoldan azdıran qüvvələrin ümumiləşmiş obrazlarının neçə əsr keçdikdən sonra yenidən gündəmə gəlməsi təsadüfi deyil. Xeyir və Şər, İşıq və Qaranlıq, Əql və Nəfs, Zəka və Ehtiras əsrlər boyu ancaq qarşı-qarşıya duran, mübarizə aparan tərəflər kimi təqdim və təsvir edilmişdi. Vəhdət məqamı hələ çatmamışdı. Bu mübarizə XIX əsrdə də davam edirdi. C.X.Cübran «Peyğəmbər» əsərinin «Zəka və Ehtiras» bölməsində Peyğəmbərin dili ilə deyir: «Sizin qəlbiniz çox vaxt zəka və düşüncənin ehtiras və aludəçiliyə qarşı müharibə apardığı döyüş meydanını xatırladır».[3] Lakin zaman elə zaman idi ki, indi ancaq döyüş yox, həm də qarşılıqlı anlaşma və vəhdət tələb olunurdu. Əlbəttə, söhbət şərlə vəhdətdən getmir. Söhbət şərə aparan yolların səmtini dəyişməkdən, hissin əqlə yox, əqlin hissə bələdçi olmasından, onu tərbiyə etməsindən gedir.

Vəhdət ideyası dövrün tələbi idi.

Şərq və Qərbin fövqündə dayanan M.F. Axundov kimi, Cəmaləddin Əfqani kimi, böyük şəxsiyyətlərin ümumbəşəri idealları məhz M.İqbal, C.X.Cübran, Ər-Reyhani, H.Cavid kimi mütəfəkkir şairlərin yaradıcılığında fəlsəfi romantizm üslubunda ifadə olunmuşdur. Bu ideal Ər-Reyhaninin «özündə bütün dünyanı daşıyan ayrı-ayrı fərdlər»[4] konsepsiyasında çox yığcam və gözəl ifadə olunmuşdur.  Və bütün bu mahiyyətlər, vəhdət ideyasının bütün bu gözəl təcəssümləri bizə Aida xanımın təfəkkür süzgəcindən təqdim olunur.

Aida İmanquliyeva göstərir ki, Şərq kimi tanıdığımız sosial fenomen əvvəlcə fərdi-mənəvi bir fenomen kimi formalaşır. Şövqlü fəlsəfi təlim, dərin dini hiss və onlara tabe etdirilmiş solğun cismani həyat vahid fenomendə – şərqliliyin mahiyyətində qovuşur. Əmin ər-Reyhani «Mən Şərqəm» şerində şərqliliyin mahiyyətini bir neçə baxımdan təqdim edir. Aida İmanquliyeva onun yaradıcılığını tədqiq edərkən məhz bu məqamları ön plana çəkir və həmin şerin geniş təhlilini verir.

 

Mən Şərqəm,

Mən Allahın ilk yaratdığının təməl daşıyam….[5]

 

misralarını misal gətirən A.İmanquliyeva bu baxışı «Şərqin keçmiş əzəməti barədə düşüncələr»adlandırır.  Maraqlıdır ki, qoca Şərqi bir tərəfdən gənc və güclü Qərblə görüşdürən Ər-Reyhani, digər tərəfdən onu müasir Şərqlə müqayisə edir. A.İmanquliyeva bu cəhəti xüsusi vurğulamaqla diqqəti çağdaş Şərqin həqiqi Şərq mahiyyətindən uzaqlaşdığına yönəldir: «Bu böyük həcmli şerin sonrakı hissəsi xurafat və mövhumat zülmətinə qərq olan, dinin bütün zahiri ayinlərinə fanatik şəkildə sitayiş edən müasir Şərqin tənqidinə həsr olunmuşdur. Cəhalət və mövhumat Şərqi Qərb sivilizasiyasının bütün nailiyyətlərindən çəkindirir».[6]

Bu məqamın vurğulanması, bizim fikrimizcə, Aida İmanquliyevanın Şərq-Qərb prob­le­ma­ti­ka­­sına gətirdiyi böyük yenilikdir. Belə ki, Şərqlə Qərbin müqayisəli tədqiqində üzə çıxan bir çox ziddiyyətli cəhətlər məhz Şərqin zaman axınında ikiləşməsini nəzərdən qaçırmağın, çağdaş Şərqlə qoca Şərqi eyniləşdirməyin nəticəsidir. Halbuki, Şərqin əzəməti, böyüklüyü, ruhani mahiyyəti məhz qoca Şərqin timsalında təzahür edir. O, hətta Qərbi də düçar olduğu böhrandan xilas etmək əzmindədir. Ər-Reyhaninin poetik dili ilə «mən öz ruhumla sənin qəlbini sivilizasiya xəstəlik­lərin­dən sağaldacağam», – deyən qoca Şərq, ruhani Şərq həqiqi dini hissdən ayrı düşən, mövhumata uyan, əcnəbilərdən, onların texnoloji nailiyyətlərindən qorxub-çəkinən, nəticədə mürtəce məzmun kəsb edən özgələşmiş, cılızlaşmış Şərqdən çox fərqlidir. Əslində ikinci birincinin adına sığınır. Am­ma bu Şərq daha o Şərqdən deyil!

Əlbəttə, «Şərq» fenomeninə diferensial münasibət ideyası bədii obrazlarla, poetik şəkildə Ər-Reyhani tərəfindən irəli sürülmüşdür. Lakin bu poetik tərənnümün mahiyyəti elmi-məntiqi müstəvidə ilk dəfə məhz A.İmanquliyeva tərəfindən açılır və Şərqlə Qərbin vəhdətinə çağırış da bu fərqli baxış bucağında yeni mahiyyət kəsb edir: Vəhdət üçün əvvəlcə Şərqin özünə qayıtması, öz ilkin ruhani məğzini yenidən kəsb etməsi lazımdır!

Qərb mühitində səslənən Şərq poetik ruhunu Ər-Reyhani timsalında tədqiq edən, «iki sivilizasiyanın əldə etdiyi ən yaxşı nailiyyətlərin birləşdirilməsi imkanlarını»[7]  araşdıran A.İmanquliyevanın ideyaları bu gün də Şərq-Qərb probleminin ədəbi, ictimai-siyasi və fəlsəfi tədqiqi sahəsində istiqamətləndirici rol oynayır.

 

Məhz məsələnin bu cür ənənədən kənar, yeni, orijinal qoyuluşu Aida xanıma əslində öz zəmanəsini qabaqlayaraq Azərbaycan gerçəkliyində Şərq və Qərbin vəhdəti ideyasını irəli sürməyə imkan vermişdi. Onun nəzərində sadəcə poeziyanın, ruhaniliyin beşiyi kimi qalmaq indi daha Şərq üçün kifayət deyildi. Şərq mütləq müasir elmi-texniki nailiyyətlərə yiyələnməli idi. Və bunun yolu Qərblə inteqrasiyadan keçirdi. Lakin Şərq elm və texnologiyanı Qərbdən kor-koranə transfer etməklə bu sahədə böyük uğur qazana bilməzdi. Heç şübhəsiz, o məhz özünəməxsus dəst-xəttini, üslubunu tapmalıdır. Və bu üslubun öyrənilməsi, Aida xanımın fikrinə görə, yeni dövrdə şərqşünaslığın əsas məqsədlərindən, tədqiqat istiqamətlərindən biri olmalı idi.

 

Aida İmanquliyeva öz genetik-fərdi xüsusiyyətləri ilə də Şərq və Qərbin vəhdətini simvolizə edirdi. Zahiri görkəmi ilə Şərqin şeriyyətini, ülviyyətini təcəssüm etdirən Aida xanım öz elmə bağlılığı, rasional düşüncəsi, təşkilatçılıq keyfiyyətləri ilə və ən başlıcası, sözün əsil mənasında müasirliyi ilə çağdaş Qərb sivilizasiyasını təmsil edirdi. Gendən gələn Şərq mahiyyəti ilə, müasir zamanın tələbatından gələn Qərb keyfiyyətlərinin vəhdəti ona məhz vəhdətin özünü tədqiqat predmetinə çevirmək səlahiyyəti vermişdi.

 

Səlahəddin XƏLİLOV

AMEA-nın müxbir üzvü, professor



[1] Aida İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri. (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsi probleminə dair),  B., «Elm», 2003, səh. 116.

[2] Yenə orada, səh. 127

[3] Дж.Х. Джебран. Избранное: Пер. с араб., англ. – Л.: Худож.лит., 1986, стр. 363.

[4] A.İmanquliyeva. Göstərilən əsər, səh. 158.

[5] Yenə orada, səh 166

[6] Yenə orada, səh 167.

[7] Yenə orada, səh 167.


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.