az  |   tr
Fəlsəfə dünyası

Arif yolu: Həllacdan Cavidə   –  [23.11.2012]

 

 

 

Hardan hara?

Yaradanını tanımaq və bu həqiqətin işığında özünü dərk etmək cəhdi, ilk insanla doğulub desək, yəqin ki, yanılmarıq. Axı, bu idrak qabiliyyəti yaradılmışlar arasında yalnız insana verilib. İslam dinində bu yola təsəvvüf, yolun yolçusuna sufi, bu yolda seçilmişlər arasından seçilənlərə isə arif deyiblər. Mənsur Həllac yazır: “Arif – görəndir, mərifət – o şey ki, onunla qalırlar. Arif öz irfanı ilədir, çünki o, öz irfanıdır, irfanı da odur. Mərifət isə bunun arxasındadır, Məruf (tanınan, Allah – K.B.) isə bunun arxasındadır”. Bəli, insan öz bildikləri, dərk etdikləri və seçdiyi yolla arif ola bilir. Ariflik Haqqdan insana verilmiş payın idrak məqamıdır. Dövrə, şəraitə görə ariflik cəmiyyətdə fərqli qarşılanıb və münasibətə uyğun olaraq sənətkarların əsərlərində bu və ya digər dərəcədə öz əksini tapıb. Yəni vaxt olub ki, o dəbdə olub və onun şeirlərdə də, miniatürlərdə əks etdirilməsi özü az qala ariflik sayılıb. Vaxt da olub ki, onu insanı reallıqdan ayıran rəmz hesab edib tarixin tozuna qatmaq istəyiblər. Amma Cavidin dediyi kimi:

 

Saqın aldırma ki, kor olsa cahan,

Günəşin nuruna gəlməz nöqsan.

Sən kiçilsən də, böyüksən hətta

Qopsa zülmət, yenə parlar o zəka!..

 

Bəli, Haqq həmin Haqqdır, mərifət həmin mərifət. Dəyişən insan və onun dünyaya baxdığı bucaqdır. Həllacdan Cavidə bu yolun tam 10 əsrlik zəngin, mürəkkəb bir tarixi var. Mən sadəcə bu yolun iki sakininin baxış bucağını müqayisə etməyi düşünürəm. Nə üçün Həllacın açıq təsiri duyulan Miyanəci yox, yaxud Nəsimi yox, məhz Cavid?

Həllac Mənsur özünün “Təvasin” əsərində İblisə xüsusi yer ayırmış və buna görə həm öz dövründə, həm də sonralar güclü təzyiqlərə və qınaqlara məruz qalmışdı. Hüseyn Cavidin də “İblis”i tədqiqatçılar arasında böyük rezonans doğurmuş, mübahisələr yaratmışdı. Bundan başqa, Mənsur Həllac eyni əsərində iblislə yanaşı, həm də insanın – arifin mövqeyini şərh edib. Cavid də İblisin qarşısına Arifi çıxardır.  Əslində, bizim məqsədimiz heç də haqqında kifayət qədər sanballı tədqiqatlar aparılmış bu əsərləri təhlil və ya müqayisə etmək deyil, sadəcə X əsrin arifilə XX əsrin arifi arasında paralellər aparmaqdır. Arifin hardan hara gəldiyini göstərmək üçün...

 

 

“İnsanları xəlq etməkdə var bəlkə də hikmət,

İblisə nə hacət?!”

 

Mənsur Həllac deyir ki, “Əşyalar öz zidləri ilə tanınırlar. ...Şəri tanımayan yaxşını da tanımaz”. Biz də arif haqqında düşüncələrimizi İblis haqqında mülahizələrimizlə açmağa çalışacağıq.

Həm Həllacın, həm də Cavidin təsvir etdiyi İblis az fərqlidirlər və belə nəticə çıxartmaq olar ki, əsrlərə baxmayaraq İblis dəyişməyib: nə nifrəti, nə hiylələri, nə də təsir üsulları. Düzdür, Cavid Həllac qədər İblisin həyat tarixinə yer ayırmır, bununla belə, hər iki mütəfəkkir məhz Qurani Kərimdən gələn bir həqiqətlə İblisin Allahı sevən, yalnız Ona səcdə edən bir mələk olduğunu inkar etmirlər. Həllac İblisin dili ilə deyir: «Haqqa and olsun ki, mən tədbirimdə yanılmadım, [Allahın] yazısını rədd etmədim, təsvirin dəyişməsi məni aldatmadı, mənim bu yazılara rəğmən öz alın yazım var. Mənə öz odunda əbədiyyən əzab versə də, başqasına səcdə etmərəm, bir şəxsə və cəsədə alçalmaram, mən [Ona] zidd birini tanımıram. Mənim iddiam sadiqlərin iddiasıdır. Məndə olan sadiqlərin sevgisindəndir». Cavid də yazır:

Mən imdi bir atəş, fəqət əvvəlcə bir mələkdim,

Həp xaliqə təsbih idim, təhlil idi virdim,

İlk öncə mələklər məni təqdis ediyordu.

Eyni zamanda, İblis əbədiyyən İnsanın düşmənidir, çünki insan onu Sevdiyi Yaradanının gözündən salıb, ilahi aləmin yüksək məqamından məhrum olunmasına səbəb olub. Qurani Kərimdə deyilir: “(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan  çıxartdığına (kamilləşmə yolumu yarıda kəsdiyinə – K.B.) görə, mən də yer üzündə onlara (insanlara – K.B) (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.” Həllacın İblisi İnsanı qeyri-səmimilikdə, zəif imanına görə ittiham edir: “Mənə vahid məbud iddiası (tək Allaha səcdə istəyi) mane oldu, ona (insana) səcdə etsəydim, sənin (İnsan – K.B.) kimi olardım”. Cavidin İblisi də, “Adəm kimi bir sayğısız ağır ləkə vurdu” deyə qəzəblidir.

Eyni mənbəyə – Qurani Kərimə istinad etdiklərinə görə, İblislər arasında fərqin olmaması normal və məntiqlidir. Bununla belə, həm Həllac, həm də Cavid kamilliyin yüksək məqamına çata bilmiş insanlardır, İblisin öz uğursuzluğuna görə günahlandırdığı, Yaradanın yanındakı yüksək məqamına görə müəyyən mənada həsəd apardığı Kamil İnsan. Sadəcə biri X əsrin, digəri XX əsrin İnsanı. Fərqi, daha doğrusu, spesifiklikləri də məhz onların İblisə münasibətində axtarmalı olacağıq.

 

“Mən nura talibəm, atəş nəmə lazım?”

Hər şeydən əvvəl mütəfəkkirlərin mövqelərində əhəmiyyətli bir məqamı vurğulayaq: Həllacın istinad nöqtəsi sevgidir, Cavidinki nifrət. Həllac Allaha aşıqdir və İblisi də bu işıqda görür. Cavid – realistdir, gördüyü, eşitdiyi zülmlər, “insanlığı təhqir edən, duyğusu, vicdanı sönüklərin” saylarının artmasında İblisi günahkar gördüyünə görə, qəzəblidir.     

Həllacda İblisə qarşı iki hiss duymaq mümkündür: halına acıma və rəğbət qarışıq bir təəssüf. İblis öz imanında israrlı və əmindir və bunun üçün Allahdan, yalnız Ondan gələn hər cəzaya razıdır: «Əs­lində, mən sevənəm. Sevən isə rəzildir. Doğrudan da, Sən mə­nə «rəzil» deyirsən, ey mətinli qüvvə sahibi, mənim başıma gələnləri mən aydın kitabda (Quranda) oxuyuram. Mən ona [insana] necə alçala bilərəm. Sən məni oddan yaratdın, onu palçıqdan. Bunlar iki uyğun gəlməyən ziddiyyətlərdir. Mən Sənin xidmətində daha əzəldənəm və daha böyük fəzilətdə, daha böyük elmdə və daha kamil anddayam». Kamil insan sevgisinə qurban getmiş, naqis qalmış iblisin halına acıyır!

Cavid İblisə həm ehtiyatla, həm qəzəblə yanaşır: o, güclüdür, ağıllıdır, zəif insanları yoldan çıxartmaq üçün üsulları çoxdur, cahil insanları aldadır, azdırır. Cavidin təsvir etdiyi sevgi İblisin əlində alətə çevrilir, insanı qatil edir!

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan,

Daim ayaq altında sönüb məhv olacaqsan.

...

Bir zamanlar cəbərüt aləminə

Həp uçar, həp öyünürdün də, bu nə? 

 

Heyhat! İblis qəzəb dolu, həqiqi sevgidən məhrum olan insanı hədələyir, onun halına gülür, acıyır!  

Bəli, Həllacın simasında İnsan İblisin halına acıyır, çünki o, öz korluğu səbəbindən kamilləşmə yolunun yarısında qaldı, onu bitirə bilmədi: Bu o deməkdir ki, İblis həqiqəti görə-görə ona göz yumdu və ondan uzaqlaşdırıldı: «Ey qardaşım! Onu «Əzazil» adlandırdılar, çünki o, uzaqlaşdırıldı və «təcrid edilmiş» oldu. O, əvvəlindən sonuna dönmədi, çünki sonundan çıxmadı». Məhz burada Həllacın həm İblis, həm də İnsan haqqında düşüncələri açıqlanır: insanın ilahi mahiyyətə uzanan bir yolu var, ona Allahdan kəşflər açılır, o, Allahdan başqa heç bir varlığın bilmədiyi elmlərə sahib olur və bu keyfiyyətlər onu Allahdan sonra səcdə obyekti olmağa layiq edir. «İblisə gəlincə, o dəvət etdi, lakin öz halına geri dönmədi. Əhməd (s) çağırdı və öz gücünə geri döndərildi». İnsan İblis üçün əlçatmaz məqama sahibləndi və gücləndi. Bunu İblis də bilirdi və hikkəsindən ona müharibə elan elədi. Yüksək məqamını dərk eləmiş insan onun hikkəsini sadəcə yuxarıdan aşağı izləyir, öz məqamından düşmüş insan isə İblisin ayaqları altına düşür, üzünə hikmət dünyası bağlanır. Məhz bu səbəbdən Cavidin Arifi acınacaqlı haldadır. O, kamilliyi düşünməkdən daha çox qəzəblə doludur, bu qəzəb zülmə, vəhşiliyə doğru yönəlmiş olsa belə! İblis də onun zəif damarını bilir:

Get, bəllidir insandakı xislət;

Sizlərdəki ülfət; sonu vəhşət,

Sizlərdəki şəfqət; sonu nifrət,

Sizlərdəki rəhmət; sonu lənət.”

Həllac yazır: “Arif cəhalətin təsvir etdiyindən başqa bir şey bilmir. Yalnız Haqqın nəzarət etdiyi kəşfin vəsfi ona aydındır”. Arif göylərdən nur gözləyir ki, hər şeyin həqiqəti açılsın. Cavidin Arifi isə göylərə asidir:

Bilməm bu cinayət, bu xəyanət, bu fəlakət

Bitməzmi, ilahi! Bu qədər səbrə nə hacət! 

 

“İblisəmi uymuş bəşəriyyət!?”

Maraqlıdır, iki fərqli dövrün Arifinin obrazı İblisə münasibətdə daha aydın işıqlanır. Lakin burada elə incə məqamlar var ki, bəzən mütəfəkkirlər onu “ülgücün tiyəsi ilə yeriməyə” bənzədirlər.

Həllac sadiqlikdə, yalnız Allaha xidmət etməsində, hər anının yalnız Onunla olmaq istəyində özünü  İblisə bənzədir, onu özünün Ustadı hesab edir. Yeri gəlmişkən, məhz bu məqam sonralar İbn Teymiyyə kimi bir sıra mütəfəkkirlərə imkan vermişdi ki, Həllacı kafir adlandırsınlar. Həqiqətən də, deyilənlər müəyyən mənada Həllacın özünü təsvir edir, daha dəqiq desək, onun iddiasındakı israrını: «Öl­dü­rülsəm də, [çarmıxa çəkil­səm də], əlim, ayağım kəsilsə də, iddiamdan dönməyəcəm».

Cavidin “Ya hər kəsə xain olan insan nədir? – İblis” deməsi də bir çox tədqiqatçıları çaşdırır və əsəri təhlil edən tədqiqatçılar bir sıra hallarda yalnışlıqla İblisin elə İnsan olduğunu, yaxud insanın içində olduğunu iddia edirlər. İblisin bu “böhtandan” necə qəzəbləndiyini təsəvvür eləmək çətindir! Əslində, bəlkə də təntənə marşı çalır.

Daha bir təhlükəli və paradoksal məqam isə sevgi ilə bağlıdır: həm İblisin Allaha, həm də Arifin Rənaya sevgisi sonda lənətlənməyə səbəb olur. Düzdür, uca Allaha olan sevgi ilə insan övladına olan sevgiləri eyni tərəzinin gözlərinə qoymaq olmaz, amma məqsəd sevginin özüdür. Əcəba, sevgi iblisləşməyəmi aparır? Əlbəttə, xeyr!

Yuxarıda qeyd etdiyimiz kimi, Həllacın İblisə rəğbətində dərin bir təəssüf var: belə bir məhəbbət sahibi kordur, rəzildir: «Onun işi qarışdı, zənni pisləşdi, “Mən ondan xeyirliyəm”, – dedi və pərdə arxasında qaldı», çünki «o (İblis), qürur dənizinə düşdü və kor oldu». İblisin məhəbbəti onu həqiqətə çatdırmaq əvəzinə, daha da Allahdan uzaqlaşdırdı. Həllac hər nə qədər İblisin sevgisini tərənnüm eləsə də, onun idrak mərtəbələrində qorxduğunu da göstərir: “Əgər bilsəydim ki, [insana] səcdə məni xilas edəcək, onda səcdə edərdim. Lakin bilirdim ki, bu dairənin (idrak prosesinin mərhələsi – K.B.) arxasında da dairələr var. Öz-özümə dedim: «Belə hesab edək ki, mən bu dairədən xilas oldum. Bəs ikincidən necə xilas olacam? Bəs üçüncüdən, dördüncüdən?”. Bəli, ilahi nurdan məhrum olmuş İblisin o biri mərhələlərdən xəbəri olmadığına görə qorxur. Əvəzində insan ona verilmiş bu imkandan qüvvətlənir. Burada Əbu Turxanın “qısa qapanma” adlandırdığı, obyekt və subyekti birləşdirən, məhvə aparan, məhdud sevgini xatırlatmaq yerinə düşər. İstər Həllacın İblisi, istərsə də, Cavidin Arifi kor edən, xudpəsənd və iddialı sevgiyə malikdirlər. Həllac İblisin dili ilə yazır: “Qısqanclığıma görə məni başqalarından ayırdı, heyrətimə görə məni dəyişdirdi, uzaqlaşdırıldığına görə məni çaşdırdı, xidmətimə görə məni uzaqlaşdırdı, söhbətimə görə məni yasaq etdi, mədhimə görə məni utandırdı». Sevən Arif də üzünü göylərə tutub dua eləsə də gördüyü zülmətdir – o da kordu:   

Min dürlü müəmmalı həqiqət mənə xəndan,

Həpsində də zülmət...

 

Deyilənlərdən sanki İblis və Arif oxşardır kimi nəticə çıxartmaq mümkündür. Əcəba, bu, insanı iblis hesab edənlərlə həmrəylik deyilmi? Diqqətli təhlil göstərir ki, bu, bənzəyiş deyil, keçən 10 əsr ərzində hakim mövqeyin, güc sahibinin yerlərinin dəyişməsidir. Bu, heç də İblisin ağıllanıb, insanın cahilləşməsi də deyil. Yuxarıda da dedik, İblis həmin iblisdi, onun yüksəlmək imkanı yoxdur!  Bu, insanın enməsidir! İnsanın öz insanlığını dərk etməməsi, Allahın ona verdiyi imkanlardan istifadə etməməsidir və sadəcə bir bioloji və sosial varlıq kimi mövcudluğu ilə kifayətlənməsidir. Qısacası: İnsanın öz qüdrətini itirib iblisin hökmü altına düşməsidir. Lakin Arifin bu vəziyyətə düşməsinin obyektiv səbəbləri var. Sualın cavabı Həllacın və Cavidin Arifinin kimliyinin, şəxsiyyətinin açılışındadır.

 

“İştə Şərqin mütərəddid çocuğu!”

Şərqin gücü həmişə imanında və imanına sadiqliyində olub, Qərbin gücü ağlında və ağlına inamında. Təsadüfi deyil ki, Əbu Turxan da belə hesab edir ki, “Şərqdə idrakın işığı eşq işığının kölgəsində qalır, Qərbdə – əksinə, eşq idrakın kölgəsində qalır”. Məsələnin kökünü, zənnimcə, məhz burada axtarmalıyıq. Başqa sözlə desək, hər iki Arifin yaşadığı sosial mühitdə. 

Həm Həllac, həm də Cavid siyasi və hərbi çəkişmələr dövrünün insanlarıdır və elə hər ikisi də siyasi fitnənin qurbanı olublar. Həllacın dövründə siyasi hərəkatlarla, üsyanlarla yanaşı, Bağdad, Xorasan, Bəsrə sufi məktəbləri mövcud idi, Bağdadda “Hikmət evi” antik dövrün filosoflarının əsərlərini ərəbcəyə çevirirdi, görkəmli sufi mütəfəkkirləri insanlığın canlı nümunələri idilər. Bir sözlə, elm və ruhun hakim kəsildiyi bir mühit var idi.

Cavidin də dövründə (məhz “İblis”in yazılma dövrünü nəzərdə tuturuq) siyasi hərəkatlarla, inqilablarla yanaşı, maariflənmə, milli özünüdərk, Qərbdə təhsil alma ənənəsi, müasirləşmə prosesi başlanmışdı; Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, İsmayıl Qaspiralı və daha neçə kamil aydınlar yeni ideyalarla çıxış edirdilər. Sual yaranır: nədən son dərəcə pessimist olan Həllac hətta İblisi belə, sədaqət və eşq nurunda verir, ancaq gözəllik və sevgi şairi Cavidin insanı isə bu dərəcədə zəif və miskin görünür? Bu, çox ağrılı bir təzaddır və bu paradoksdan Cavidə “xilas yolu” arayarkən Səlahəddin Xəlilovun «‘İblis’də fəlsəfi motivlər» əsərindəki açıqlamalar məsələyə müəyyən aydınlıq gətirdi. Müəllif sanki bu suala cavab verərək yazır: “Bu, eşqin ünvanının dəyişməsindən doğan bir təzaddır. İlahi eşqdən kimə isə xətər gələ bilməz. Arifin Rənaya olan məhəbbəti isə ilahi eşq səviyyəsinə qalxmamış və bəlkə də Cavid tərəfindən realistləşdirilmiş bir eşqdir və yerə enən böyük duyğu istər-istəməz ictimai mühitdəki naqisliklərlə üzləşir və bu mənada İblisə də tuş gəlir”.

Arifin faciəsini açan, onu dövrünün bədbəxt insanı adlandıran S. Xəlilov ona çox dəqiq bir izah verir: Arif – prosesdir. Cavidin dövrünü və dünyagörüşünü bu fikirlə uzlaşdırsaq, belə ifadə etmək mümkündür: Arif – Cavidin avropalaşma ideyasıdır. Bu ideyanın sonunda isə Elxan durur – müasir dövrlə ayaqlaşan, İblisə yuxarıdan aşağı baxan insan. O, gücdür, iradədir, hakimdir, ədalətlidir, ancaq təəssüf ki, Cavid onun mənəvi dünyasını açmır!

Qayıdaq Arifə. Həqiqətən də Arifin simasında bəşəriyyətin tənəzzül prosesini izləmək mümkündür. Avropalaşma, yenilənmə ideyası ilə yanan Cavid qılıncını birinci Şərqə doğru sıyırır və İblisin dili ilə deyir:

Şərqin əsəbi çöhrəsi bilməz ki, nə yapsın

Bilməz ki, sağır göylərə, yoxsa mənə tapsın?

 

Onun ikinci hədəfi isə hikməti göylərdə axtaran, o dövrdə dəbə çevrilən zahidlikdir – elə Arifin özü. Lakin belə sual yaranır: “Mədəni dünyanı nifrətlə buraxıb, cədəlsiz bədəvi aləmə çıxan” – yəni mənəviyyatı üstün tutan Arif niyə “qəlbindəki nifrətləri, vəhşətləri” ata bilmir, həqiqi Arif kimi?! Əslində belə bir Arif hardasa Tolstoyun Sergi atasını xatırladır: içində boğulan hissləri ilə mübarizə aparmaqdan əsl missiyasını da unudur və ilahi hikmətdən sakitləşmək əvəzinə gərilmiş yaya bənzəyir. Zənnimcə, səbəbi Cavidin məhz avropalaşma ideyasındadır.

 

Derdim, mən əsatirə inansam, sənə məbud!

XVII-XVIII əsrin əvvəllərində Avropada kilsənin təzyiqi altında insan əzilirdi və bunun fərqində olduğuna görə xilas olmaq üçün yollar axtarırdı, boğulmamaq üçün əl-qol atır, ətrafındakıları dağıdırdı, inqilablar baş verirdi. “Düşmən” aydın olduğu üçün nə qədər güclü olsa da, insan onunla mübarizə üsulları tapdı və istəyinə çatdı – din dövlətdən ayrıldı və kilsənin boğduğu elm azadlıqda sürətlə inkişaf etdi. Öz həyatını, məqsədini özü təyin edən insan tanrısını da özü yaratdı və təzim etdi: elm. Təbii ki, elmin inkişafı, insanın özünə yeni tanrı yaratması ilə kamillik – ariflik nümunəsi də dəyişdi.

Təsadüfi deyil ki, Cavid də “Ermənistana qurşun daşıyan keşişin”, “Ərəbistanı köpürdən fransız haxamın”, İranı qarışdıran əmmaməli ingilisin” obrazları ilə bir tərəfdən Qərbin xain müdaxiləsini göstərsə də, digər tərəfdən dinin artıq sadəcə bir alət olduğunu və düşmənlərə xidmət etdiyini göstərir.   

XX əsrin əvvəllərində eyni hal yenidən təkrarlanmağa başladı: insan yenə əzilməkdə idi, yenə məhv olurdu və yenə də xilas yolları axtarırdı. Lakin indi obyekt çox bulanıq, dumanlı olduğu üçün onunla mübarizə də çətin idi. Bu obyekti insan özü yaratmışdı – ağıllı və yalnız özünə güvənən insan. Lakin bu obyektin qurulmasında bir çox zəruri amillər – mənəviyyat, iman, kökündəki sağlam ideyalara bağlılıq kəsilib atıldığından, indi qarşılarında naməlum və naqis bir obyekt var idi. X əsrdə Həllacın Allaha “iki yay məsafəsinə qədər” yaxınlaşdırdığı arifdən XX əsrdə çox az əlamət qalmışdı. Ariflər ariflik keyfiyyətini xeyli dərəcədə itirmişdilər. Çünki X əsrdən sonra keçən min illik bir dövr ərzində sivilizasiya insanın maddi gücünü qat-qat artırsa da, onu daha kamil edə bilməmişdi. Əksinə, bir sıra hallarda intellektual tərəqqi mənəvi tənəzzülə səbəb olmuşdu.

K.Yunq yazır: “Bizim intellektimiz bizim mənəvi evimizin yıxılmağı ilə görünməmiş şəkildə zənginləşdi...” Cavidin “İblis”i də müasir mərhələdə intellekt sayəsində insanın dağıdıcılıq imkanlarının artması müqabilində mənəvi kamillik dərəcəsinin hələ yetərincə gəlişmədiyini, yeni bir mənəvi yüksəlişə ehtiyac olduğunu vurğulayır.  

 

 

Könül Bünyadzadə

fəlsəfə elmləri doktoru

Baxılıb: 5817    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.